• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: botanika, ekologiya və yaşıl şəhərlər” adlı forumda iştirak edib

  • 2024-10-23

       Oktabrın 23-də Botanika İnstitutunda “Bioloji müxtəlifliyin mühafizəsi: botanika, ekologiya və yaşıl şəhərlər” adlı forum təşkil olunub. Forum, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub və ekosistemlərin qorunması, bioloji müxtəlifliyin artırılması məqsədilə müzakirələr aparılıb.

      Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü prof. Əlövsət Quliyev “Yaşıl artım platformasının yaradılması imkanları” adlı məruzə ilə çıxış edib. Məruzəsində, yaşıl artımın təşviqi üçün yeni yanaşmalar və strategiyaların vacibliyini vurğulayan prof. Ə.Quliyev, bioloji müxtəlifliyin qorunması üçün müxtəlif elmi və praktiki tədbirlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

     Forumun əsas mövzuları iqlim dəyişikliyinin flora və faunaya təsirləri, dövlət və özəl sektorun iştirakı ilə ətraf mühitin qorunması, müvafiq milli "yaşıl artım" platformasının yaradılma imkanları, urbanizasiya prosesinin təsir etdiyi ərazilərdə yaşıl həyatın təşviqi və şəhər meşə təsərrüfatının inkişaf perspektivlərini əhatə edir. Həmçinin, forumda şəhər ərazilərində yaşıllıqların salınması, bitkilərin vəziyyətinin monitorinqi, əhalinin sağlamlığı üçün yaşıl zonaların önəmi, səhralar, meşələr və digər ekosistemlərin bərpası, eləcə də iqlim dəyişikliyi şəraitində bitki mühafizəsi kimi mövzulara da diqqət ayrılacaq.

   Tədbirdə  iştirak edən alimlər, elmi işçilər və ekoloqlar, bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini müzakirə edərək, yaşıl şəhərlərin inkişafında botanika və ekoloji yanaşmaların tətbiqinin vacibliyini önə çəkiblər.Forum 12 istiqamət üzrə 3 paneldə plenar iclaslarla davam edib. Məruzələr ətrafında geniş müzakirələr aparılıb. Sonda iştirakçılara sertifikat təqdim olunub.