Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi Şurasının iclasında müəssisənin 2024-cü ilin elmi və təşkilati fəaliyyətinin hesabatı dinlənilib. İclasda İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev institutun apardığı tədqiqatlar və fəaliyyət istiqamətləri barədə məlumat verib. O, qeyd edib ki, institutun fəaliyyəti Azərbaycan Respublikasının Prezidentinin fərmanları və sərəncamları, Nazirlər Kabinetinin qərarları və dövlət proqramları çərçivəsində həyata keçirilir.
Hesabatda məlumat verilib ki, 2024-cü ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması” elmi istiqamətinə uyğun olaraq hesabat dövründə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 2 problem, 18 mövzu, 82 iş üzrə elmi-tədqiqat işləri yerinə yetirilib. Onlardan 2 mövzu keçicidir, 16 mövzu tamamlanır.
Professor Əlövsət Quliyev həmçinin institutun kadr hazırlığı, beynəlxalq əlaqələri və elmi-təhsil inteqrasiyası haqqında məlumat verib. O qeyd edib ki, hal-hazırda institutda “Torpaqşünaslıq”, “Aqrokimya”, “Ekologiya” və “Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi” ixtisasları üzrə 24 doktorant və dissertant təhsil alır. İnstitut həmçinin müxtəlif ali məktəblərdən(Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Qərbi Kaspi Universiteti) bakalavr və magistr tələbələrini təcrübə keçmək üçün qəbul edib.
İnstitutun beynəlxalq əlaqələrindən söz açan professor qeyd edib ki, İnstitutun 28 nəfər əməkdaşı Rusiyanın Torpaqşünaslar Cəmiyyətinin üzvüdür.Bəzi alimlər isə YUNESKO-nun kəhrizlər üzrə idarə heyətində, Qlobal Torpaq Tərəfdaşlığında iştirak edirlər. Həmçinin institut, Rusiya, Özbəkistan, Qazaxıstan, Cənubi Koreya, Belarus və İndoneziya kimi ölkələrdəki elmi qurumlarla uzunmüddətli əməkdaşlıq əlaqələri qurub.