Sumqayıt Dövlət Universitetinin (SDU) Mühəndislik fakültəsinin “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda istehsalat təcrübəsi keçirlər.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, prof Əlövsət Quliyev tələbələrlə görüşdə torpaqşünaslıq elminin əhəmiyyətindən və institutda aparılan ən son elmi-tədqiqat işlərindən bəhs edib. O, tələbələrin burada dəyərli alimlərdən çox şey öyrənəcəklərini vurğulayaraq, bu təcrübənin onların elmi və praktiki biliklərinin zənginləşməsinə mühüm töhfə verəcəyini bildirib.
Təcrübə müddətində tələbələrə universitetdə əldə etdikləri nəzəri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək üçün hər cür şərait yaradılıb. Tələbələr təcrübə müddətində institutun müvafiq laboratoriyalarında həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar. Onlar ayrı-ayrı laboratoriyalarda torpaq və su analizlərinin gedişatı, müxtəlif cihazların iş prinsipləri ilə tanış olur, analitik işlərdə iştirak edirlər.
Bu təcrübə prosesi tələbələrin elmi tədqiqat ünsürlərini praktik olaraq mənimsəmələrinə, tədqiqatçılıq bacarıqlarının inkişafına və ixtisaslarına daha dərindən yiyələnmələrinə önəmli təkan verəcək. Beləliklə, SDU tələbələri gələcəkdə peşəkar fəaliyyətlərində elmi-nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə də sahib olacaq.