Bu gün AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 26 fevral “Xocalı soyqırımı”nın 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açaraq, Xocalı faciəsinin ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların ən qeyri-insani və dəhşətlisi olduğunu bildirib.
Alim çıxışında vurğulayıb ki, ermənilər tarix boyu azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətini sistemli şəkildə həyata keçiriblər. Xocalıda dinc insanların amansızcasına qətlə yetirilməsi isə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Ə.Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasının tarixi ədalətin bərpası olduğunu qeyd edib və Xocalı şəhidlərinin qanının yerdə qalmadığını vurğulayıb.
Tədbirdə çıxış edən İnstitutun direktor vəzifəsini müvəqqəti icra edən a.e.ü.f.d. Şəlalə Səlimova da Xocalı faciəsinin yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün insanlıq əleyhinə bir cinayət olduğunu qeyd edib. O, bu qanlı hadisənin beynəlxalq ictimaiyyət tərəfindən tam şəkildə tanınmasının vacibliyini vurğulayaraq, faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması üçün hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı tədbir iştirakçılarına 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qanlı faciə barədə ətraflı məlumat verib. O, bu amansız soyqırımın yalnız Xocalıya deyil, bütövlükdə Azərbaycan xalqının tarixinə qara ləkə kimi həkk olunduğunu qeyd edib.Tərlan Yelmarlı vurğulayıb ki, Xocalı şəhidlərinin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq və bu faciə heç vaxt unudulmayacaq.
Anım tədbirində a.e.d., professor Vilayət Həsənov və b.ü.f.d. Zaman Məmmədov da çıxış edərək Xocalı soyqırımının dəhşətlərindən, bu faciənin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının vacibliyindən bəhs ediblər. Onlar vurğulayıblar ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında əbədi qalacaq və gələcək nəsillər bu tarixi unutmayacaq.
Sonda Xocalı qurbanlarının xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.