May ayının 13-də Bakı Ekspo Mərkəzində ölkənin kənd təsərrüfatı və qida sənayesinin ən böyük və ən nüfuzlu tədbirlərindən biri–18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) öz işinə başlayıb.
Sərgi bütün pavilyonları və açıq sahəni əhatə edir. Bu ilki tədbirə 31 ölkədən 450-dən çox şirkət qatılıb. Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri təmsil olunur. Sərgi fermerlər, sahibkarlar, investorlar və kənd təsərrüfatı mütəxəssisləri üçün qarşılıqlı fikir mübadiləsi aparmaq, biznes tərəfdaşları ilə əlaqə yaratmaq və sahədə tətbiq olunan ən son texnologiyalarla tanış olmaq imkanları yaradır.
Sərgidə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu da öz stendi ilə iştirak edib. İnstitutun nümayəndələri sərgi ziyarətçilərinə və fermerlərə torpaq resurslardan səmərəli istifadə, aqrokimyəvi analizlər, torpaqların münbitliyinin artırılması və deqradasiyaya uğramış torpaqların bərpası sahəsində görülən işlər haqqında ətraflı məlumat veriblər.Stenddə həmçinin institutun həyata keçirdiyi aktual tədqiqat layihələri, Səyyar mobil aqrar laboratoriya haqqında məlumatlar təqdim olunub. Əməkdaşlar müasir texnologiyaların, xüsusilə GIS və uzaqdan zondlama metodlarının torpaqşünaslıq tədqiqatlarında tətbiqindən danışaraq, bu texnologiyaların aqrar sektorda qərar qəbul etmə prosesinə necə töhfə verdiyini izah ediblər.