Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin “Ekologiya” ixtisası üzrə III kurs doktorantı Oşaqbay Aytu Aydaroğlu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda keçdiyi elmi təcrübəni uğurla yekunlaşdırıb.
Təcrübə müddətində doktorant institutun müxtəlif profil üzrə fəaliyyət göstərən laboratoriyaları ilə yaxından tanış olub. O, burada torpaqşünaslıq və aqrokimya sahəsində aparılan elmi-tədqiqat işləri, o cümlədən torpaqların fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinin öyrənilməsi, aqrokimyəvi analizlər, makro və mikroelementlərin təyini, mineralogiya və torpaq deqradasiyasının qiymətləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumatlar əldə edilib.
Laboratoriyalarda müasir cihaz və metodikalarla tanış olan doktoranta analiz prosesləri əyani şəkildə nümayiş etdirilib. Xüsusilə, torpaq mineralogiyası sahəsində gilin, karbonatların və digər mineral komponentlərin aqrokimyəvi xüsusiyyətlərə təsiri, habelə aqroekosistemlərin davamlı inkişafında bu faktorların rolu ətraflı şəkildə izah olunub.
Elmi təcrübə müddətində Oşaqbay Aytu Aydaroğluna həm nəzəri, həm də praktiki biliklərini dərinləşdirmək imkanı yaradılıb. Oşaqbay Aytu Aydaroğlu ilə institutun aparıcı alim və mütəxəssisləri arasında peşəkar müzakirələr aparılıb, təcrübə mübadiləsi həyata keçirilib və qarşılıqlı elmi əməkdaşlıq imkanları yaradılıb.
Təcrübənin son günü Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Əlövsət Quliyev qazaxıstanlı doktorantla görüş keçirib. Görüş zamanı o, Oşaqbay Aytu Aydaroğluna sertifikat təqdim edib və elmi fəaliyyətində uğurlar arzulayıb.
Professor Əlövsət Quliyev bildirib ki, belə beynəlxalq elmi təcrübə proqramları təkcə gənc tədqiqatçıların bilik və bacarıqlarının inkişafına deyil, həm də Azərbaycan və Qazaxıstan arasında elmi əlaqələrin möhkəmlənməsinə, region üçün aktual olan ekoloji problemlərin birgə tədqiqinə və müasir texnologiyaların tətbiqinə mühüm töhfə verəcək.
Qeyd edək ki, bu cür elmi təcrübələr gələcəkdə birgə layihələrin həyata keçirilməsi, ortaq tədqiqat mövzularının işlənməsi və innovativ həll yollarının paylaşılması baxımından da əhəmiyyətlidir.