Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin Layihələrin idarə edilməsi üzrə baş mütəxəssisi Şeyda Allahverdiyeva, memar Gülnar Əliyeva və agentliyin digər əməkdaşları AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qonaq olublar.
Qonaqlar institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevlə görüşüblər. Görüşdə Şuşada kəhriz sisteminin olub-olmaması ilə bağlı araşdırmalar, eləcə də həmin ərazilərdə yerləşən digər qədim su obyektləri – xüsusilə də şor-şirin quyuları haqqında suallar müzakirə olunub. Qarabağ bölgəsində mövcud olan və vaxtilə yerli əhalinin su təminatında mühüm rol oynamış kəhrizlər barədə geniş məlumatlar təqdim olunub.
Professor Əlövsət Quliyev ölkəmizin zəngin su mədəniyyəti irsi, o cümlədən kəhrizlərin ekologiya, kənd təsərrüfatı və davamlı su idarəçiliyindəki əhəmiyyəti barədə ətraflı məlumat verib. O, qeyd edib ki, bu su mənbələri həm də ekoturizm baxımından böyük potensiala malikdir.