Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının torpaq və su resursları: problemlər və perspektivlər” mövzusunda keçirilən elmi-praktiki konfrans iyulun 11-də öz işini davam etdirib.
İki gün davam edən tədbirin əsas məqsədi işğaldan azad olunmuş ərazilərin torpaq və su ehtiyatlarının vəziyyətini elmi əsaslarla təhlil etmək, mövcud problemləri gündəmə gətirmək və perspektiv imkanları müzakirə etməkdir.
Elmi-praktiki konfransın ikinci günü torpaqların şorlaşma səbəbləri, meşə ekosisteminin pozulmasının torpaq örtüyünə təsiri, üzvi gübrələrin hazırlanması və şoran torpaqların innovativ üsullarla təhlili mövzularında məruzələrlə davam edib. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, fikir mübadiləsi aparılıb.Təqdim olunan elmi nəticələrin regionun kənd təsərrüfatı potensialının artırılmasında əhəmiyyətli rol oynayacağı vurğulanıb.
Tədbirin sonunda çıxış edən alimlərə sertifikatlar, konfransın təşkilində fəal iştirak edən işçi qrupun üzvlərinə isə təşəkkürnamələr təqdim olunub.
Konfransa yekun vuran AMEA-nın müxbir üzvü, professor, institutun baş direktoru Əlövsət Quliyev konfransın əhəmiyyətindən danışaraq bildirib ki, İşğaldan azad olunmuş ərazilərdə torpaq və su resurslarının qiymətləndirilməsi strateji əhəmiyyət daşıyır və bu cür elmi-praktiki platformalar real nəticələrin əldə olunmasına şərait yaradır.
Konfransda çıxış edən ADAU-nun Meliorasiya və Hidrotexniki Qurğular kafedrasının müdiri, professor Mirnaib Mirsalahov institutun zəngin elmi ənənələrindən söz açaraq bildirib ki, bu gün azad olunmuş ərazilərdə aparılan bərpa və qiymətləndirmə işlərində yeni nəslin üzərinə böyük vəzifələr düşür.
İnstitutun icraçı direktoru, b.ü.f.d., dosent Gülçöhrə Hüseynova isə tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib ki, bu konfrans göstərdi ki, güclü elmi potensialımız var və bu potensial torpaq və su resurslarının bərpası və səmərəli idarə olunması üçün səfərbər edilməlidir.Konfrans çərçivəsində işğaldan azad olunmuş torpaqlarda aparılacaq gələcək tədqiqatların istiqamətləri ilə bağlı da təkliflər irəli sürülüb.