Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu 07 sentyabr 2025-ci il tarixində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirilmiş ənənəvi "Qala Əncir Festivalı"nda fəal iştirak edib. Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar İnnovasiya Mərkəzinin və “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub.
Festivalın əsas məqsədi Azərbaycanın kənd təsərrüfatı məhsullarından biri olan və Abşeron bölgəsinə xas olan əncirin tanıdılması, aqrar sahədə çalışan fermerlərin maarifləndirilməsi və aqrar innovasiyaların təbliği olub.
Torpaqşünaslıq və Aqrokimya İnstitutu festivalda Mobil (Səyyar) Aqrar Laboratoriya vasitəsilə təmsil olunub. İnstitutun mütəxəssisləri Bakı şəhəri və Abşeron rayonunun fermer və sakinləri ilə interaktiv şəkildə ünsiyyət quraraq torpaq münbitliyi, gübrələmə, bitki bəslənməsi və digər mövzularda onları maraqlandıran sualları cavablandırıblar. Festival çərçivəsində təqdim olunan Mobil (Səyyar) Aqrar Laboratoriya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və ziyarətçilər laboratoriyanın fəaliyyəti, göstərdiyi xidmətlər və əməkdaşlıq imkanları barədə ətraflı məlumat əldə ediblər. Fermerlər və aqrar sahəyə maraq göstərən hər kəs istənilən zaman Mobil Aqrar Laboratoriyaya müraciət edərək peşəkar məsləhət və dəstək xidmətlərindən yararlana bilər.
Qeyd edək ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu bu kimi tədbirlərdə mütəmadi iştirak edərək kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mütəxəssislər, fermerlər və digər maraqlı tərəflərlə birbaşa ünsiyyət qurmağa, onların suallarını cavablandırmağa və elmi bilikləri geniş ictimaiyyətə çatdırmağa xüsusi önəm verir.