• Şənbə, Sentyabr 13, 2025
  • Bakı, 20.0°C

Professor Əlövsət Quliyev “Baku Water Week”də Azərbaycanda quraqlıq risklərinin idarəolunmasında kəhrizlərin əhəmiyyəti barədə məruzə ilə çıxış edib

  • 2025-09-11

     Sentyabrın 10-da Bakıda II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının – “Baku Water Week”in rəsmi açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) dəstəyi və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə baş tutub.

      Sərgi çərçivəsində su təsərrüfatı sahəsində ən son texnologiyalar, innovativ həllər, müasir dünya təcrübəsi və davamlı inkişaf modelləri nümayiş olunur. Tədbirin əsas məqsədi ölkədə su təsərrüfatının inkişafını stimullaşdırmaq, yeni texnologiyaların və investisiyaların cəlb olunmasını təmin etmək, mövcud çağırışlar və onların həlli yolları üzrə açıq dialoq mühiti yaratmaqdır.

      Tədbir “Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması” mövzusunda keçirilən plenar iclasla davam edib. Tədbirdə UNESCO-nun “Qədim hidravlik sistemlər – kəhrizlər” üzrə dövlətlərarası idarə heyətinin üzvü, ARETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev “Azərbaycanda quraqlıq risklərinin idarəsində kəhrizlərin rolu” adlı məruzə ilə çıxış edib.

     Çıxışında professor Əlövsət Quliyev iqlim dəyişikliyinin ölkədə yaratdığı çağırışlara diqqət çəkərək, xüsusilə su ehtiyatlarının azalması, torpaq eroziyası və quraqlıq hallarının intensivləşməsinin kənd təsərrüfatı üçün ciddi risklər yaratdığını vurğulayıb. O, su ehtiyatlarının səmərəli idarə olunmasının zəruriliyini önə çəkərək, qədim dövrlərdən bu yana mövcud olan kəhriz sistemlərinin bu istiqamətdə mühüm alternativlərdən biri olduğunu qeyd edib. Alim qeyd edib ki, 1990-cı illərə qədər Qarabağın indiki azad edilmiş ərazilərində 332 kəhriz mövcud olub və bəzi kəhriz quyularında döyüş sursatları aşkarlanıb.

      Bu sistemlər nəinki enerjidən asılı deyil, həm də ekoloji cəhətdən dayanıqlı və iqtisadi baxımdan sərfəlidir. Kəhrizlərin bərpası və müasir texnologiyalarla inteqrasiyası nəticəsində kənd təsərrüfatının su təminatı yaxşılaşdırıla, eyni zamanda əhalinin içməli suya çıxışı artırıla bilər, – Əlövsət Quliyev  çıxışında bildirib.

    Çıxışın sonunda Əlövsət Quliyev qeyd edib ki, iqlim dəyişmələrinin qarşısının alınmasında yalnız yeni texnologiyalar deyil, həm də qədim, lakin effektiv olan ənənəvi sistemlərə əsaslanan hibrid yanaşmalar xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan kəhrizlər Azərbaycan üçün həm strateji, həm də mədəni baxımdan unikal bir resursdur.

   Baku Water Week həm yerli, həm də xarici iştirakçılar üçün praktiki əməkdaşlıq imkanları təqdim etməklə, su təsərrüfatı sahəsində strateji tərəfdaşlıqların qurulmasına töhfə verməyi hədəfləyir.

    Qeyd edək ki, sərgi dövlət qurumlarını, beynəlxalq təşkilatları, sahə üzrə ekspertləri və peşəkar ziyarətçiləri bir araya gətirib.