27 sentyabr - Anım Günü münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda dərin ehtiram və qürur hissi ilə anım tədbiri keçirilib. Tədbir, 44 günlük Vətən müharibəsində canlarını Vətən uğrunda qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb. İştirakçılar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anıblar.Tədbirin açılışını institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev edib.
Professor Əlövsət Quliyev çıxışında öncə şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edib və onların canları bahasına əldə edilən tarixi Zəfərin əhəmiyyətindən bəhs edib. Əlövsət Quliyev çıxışında torpaqlarımızın azad olunmasının elm qarşısında da yeni və müqəddəs vəzifələr qoyduğunu qeyd edərək bildirib: “Bu gün azad olunmuş torpaqlarda apardığımız tədqiqatlar – torpaq resurslarının öyrənilməsi, bərpası və aqrar potensialının qiymətləndirilməsi – şəhidlərimizin bizə əmanət etdiyi bu torpaqlara olan borcumuzun bir hissəsidir.”
Tədbirdə çıxış edən institutun icraçı direktoru, b.ü.f.d., dosent Gülçöhrə Hüseynova da öz dərin hisslərini bölüşüb. Gülçöhrə Hüseynova çıxışında qeyd edib ki, Qarabağımızı bu gün azad görmək mənim ən böyük arzularımdan biri idi. 2020-ci ilin 27 sentyabrı başladığında qəlbimdə həm sevinc, həm də kədər vardı. Sevinirdim, çünki 32 il işğal altında qalan müqəddəs torpaqlarımızın azad olunacağına ümid yaranmışdı. Kədərlənirdim, çünki Vətən uğrunda canından keçən hər bir insan bir şəhid idi.Bu tarixi zəfəri bizə yaşadan isə güclü Ordumuz, cəsur əsgərlərimiz oldu.Bu gün azad olunmuş torpaqlarımızın dirçəlməsində var qüvvəmizlə işləməli, torpaq və su resurslarının düzgün idarə olunmasına xidmət etməliyik
Daha sonra institutun Həmkarlar İttifaqı Komitəsinin sədri, a.e.d. Məmməd Məmmədov çıxış edərək Anım Gününün xalqımız üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb. O qeyd edib ki, “Biz bu gün şəhidlərimizi yad etməklə yanaşı, onların bizə miras qoyduğu iradə, cəsarət və Vətən sevgisini də yaşadırıq.”
Daha sonra Torpaq ekologiyası beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. Zaman Məmmədov çıxış edib. Zaman Məmmədov “Qəhrəman oğullarımızın canı bahasına azad edilmiş ərazilərdə torpağın yenidən dirçəldilməsi, kənd təsərrüfatının bərpası və ekosistemin tənzimlənməsi istiqamətində biz alimlərə böyük məsuliyyət düşür,” – deyə o bildirib. O, həmçinin torpaqların elmi əsaslarla yenidən bərpasının və istifadəyə verilməsinin institutun qarşısında duran əsas hədəflərdən biri olduğunu vurğulayıb
Tədbirin sonunda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı çıxış edərək gənc alimlər adından şəhidlərin ruhuna dərin ehtiramını ifadə edib. Tərlan Yelmarlı həmçinin qeyd edib ki, institutun gənc alimləri artıq azad olunmuş ərazilərdə torpaq tədqiqatlarının aparılmasında aktiv iştirak edir və bu fəaliyyət gələcəkdə daha geniş miqyasda davam etdiriləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq.