• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev elmi-praktiki vebinarda məruzə ilə çıxış edib

  • 2021-11-17

Noyabrın 17-si Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə zəfər gününə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri”  mövzusunda elmi-praktiki vebinar keçirilib. Tədbirdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev “İşğaldan azad olunmuş ərazilərdə su problemlərinin həlli yolları” adlı  məruzə ilə çıxış edib. Alimin çıxışı vebinar  iştirakçıları tərəfindən maraqla qarşılanıb. Alim Ağdam rayonundakı kəhrizlərin il ərzində 64,33 mln. kubmetr, Cəbrayılda 34,68 mln. kubmetr, Füzulidə 19,01 mln. kubmetr suvermə qabiliyyətinə malik olduğunu bildirib. Bu gün Ağdam kəhrizləri tamamilə işğaldan azad edilmişdir. Bu unikal su mənbələri uzun illər vəhşi münasibətlərə məruz qalmış, onların quyularına insan cəsədləri, kimyəvi tullantılar, hərbi sürsatlar (mina və top mərmiləri) atılmışdır. Kəhrizlərə sahib çıxmadan öncə rayon üzrə bütün kəhrizlərin monitorinqi aparılmalıdır. Monitorinqin nəticələrinə tədqiqatlardan əlavə digər mənbələrdən toplanılan məlumatlar, kəhrizlərin coğrafi yayılma xəritələrindən istifadə olunmaqla uyğun şəkildə sistemləşdirilməlidir.

Vebinarda həmçinin  Qarabağ torpaqlarında ekoloji terrorun fəsadları, işğaldan azad olunmuş torpaqların biomüxtəlifliyi, gənclərin ekoloji innovativ layihələrə cəlb edilməsi kimi  mövzular da geniş müzakirə edilib.

Tədbirdə həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Ekologiya və Təbii Sərvətlər nazirliyi, AMEA-nın Radiasiya Problemləri İnstitutu, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin və başqa qurumların əməkdaşları  iştirak edərək məruzlərlə çıxış ediblər.