AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra İnstitutun icraçı direktoru t.e.d Yasin Rüstəmovun sədrliyi ilə davam edən iclasda “Torpaqların mineralogiyası və kimyası” laboratoriyası 2021-ci il üzrə yekun hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.f.d. Hüseyn Mehdiyev hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və Torpaq biologiyası laboratoriyası ilə kompleks iş olan “Azərbaycan torpaqlarında mineralların nisbəti, torpaq kipliyinin diaqnostikası və qeyri-ənənəvi mineralların torpaq xassələrinin dəyişməsinə təsiri.” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları a.e.f.d. Şöhrət Şirinova, a.e.f.d. Məleykə Əhmədova, a.e.f.d. Bulqeys Məmmədova gördükləri işlər barədə məlumat veriblər və sualları cavablandırıblar.
Sonra İnstitutun “Torpaq fizikası” laboratoriyasının müdiri a.e.f.d.Əli Cəfərov 2021-ci il üzrə yekun hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Salyan düzü torpaqlarının müxtəlif kənd təsərrüfat bitkiləri altında aqrofiziki xassələrinin tədqiqi və müqayisəli təhlili” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Laboratoriya müdiri görülən işlər barədə ətraflı məlumat verdikdən sonra sualları cavablandırıb.
Növbəti olaraq İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının 2021-ci il üzrə yekun hesabatı dinlənilib.Şuranın sabiq sədri Fərid Mustafayev 2021-ci il üzrə görülən işlər barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının yeni sədri Tərlan Yelmarlı ona göstərilən etimada görə təşəkkürünü bildirib. Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda hər iki laboratoriyanın və Gənc Alim və Mütəxəssislər Şurasının 2021-ci il üzrə illik hesabatı səsə qoyularaq yekdiliklə qəbul edildi.