• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Xocalı soyqırımı”nın 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

  • 2022-02-25

     25 fevral AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Xocalı  soyqırımı” nın 30-cu  ildönümünə həsr olunan  anım tədbir keçirilib. Tədbirdə ilk olaraq  İnstitut əməkdaşları Xocalı  soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açaraq  Xocalı soyqırımı haqqında məlumat verən  AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Həmkarlar Təşkilatı Komitəsinin sədri a.e.d. Məmməd Məmmədov bildirib ki, Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə  siyasətinin növbəti dəhşətli nümunəsidir.

       Tədbirdə çıxış edən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılmışdır.

    İnstitutun YAP ərazi təşkilatının sədri a.e.ü.f.d. Zaman Məmmədov  çıxış  edərək  Xocalı faciəsinin XX əsrin faciəsi olduğunu vurğulayıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinə  qarşı soyqırımı törətdilər. Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın faciəsidir.

       Daha sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı Xocalıda azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayətin dünya elmi ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib. Artıq dünya ictimaiyyəti Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu soyqırımından xəbərdardır. 44 gün  davam edən  İkinci Qarabağ müharibəsində qisası  alınan Xocalı şəhidləri daim qəlblərdə yaşacaq və xatirələri əziz tutulacaq.

   İnstitutun alimləri,a.e.d Mustafa Mustafayev və a.e.d Vilayət Həsənov  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən ətraflı danışaraq qeyd ediblər ki, Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır.İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Səbinə Tağıyeva öz çıxışında Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirildiyi, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürüldüyünü qeyd edib. Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş video rolik nümayiş olunub.