• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Mineral gübrələr laboratoriyasının rəhbəri:

aqrar elmlər doktoru, dosent Məmmədov Məmməd İsa oğlu

Tel: (012) 537 09 29

050 215 00 92

“Mineral gübrələr” laboratoriyası təşkil olunduğu 1956-cı ildən 1978-ci ilə kimi bu laboratoriyaya a.e.d., prof. Rizvan Qafar oğlu Hüseynov rəhbərlik etmişdir.

Laboratoriyada tədqiqatlar torpaqda fosfor rejimi və bitkilərin mineral qidalanması istiqamətində inkişaf etdirilmişdir. Respublikanın suvarılan əsas tip torpaqlarında fosfor birləşmələrinin ehtiyat və formaları müəyyənləşmiş, torpaqda fosforun çevrilmə və hərəkət qanunauyğunluğu öyrənilmişdir. Nəticə olaraq pambıq toxumlarının fosfor gübrələri ilə eyni zamanda səpilməsi tövsiyyə olunmuş və respublikanın pambıq sahələrində geniş tətbiq olunmuşdur.

Respublikanın müxtəlif torpaq-iqlim bölgələrində mütəmadi olaraq torpaqların aqrokimyəvi xüsusiyyətlərinin öyrənilməsi istiqamətində işlər aparılmışdır. Bu işlərin nəticələri “SSRİ torpaqlarının aqrokimyəvi xüsusiyyətləri” adlı monoqrafiyada öz əksini tapmışdır. Eyni zamanda 1969-cu ildə nəşr olunmuş “Aqrokimya” dərs vəsaitindən respublikada gübrələrə olan tələbatın planlaşdırılması və müxtəlif  bitkilər üzrə aqroqaydaların tərtibatı üçün istifadə olunmuşdur.

Çay bitkisi altında gübrələrin uzun müddət tətbiqi ilə əlaqədar tədqiqatlara xüsusi diqqət yetirilmişdir. Bununla əlaqədar torpağın aqrokimyəvi, fiziki-kimyəvi xüsusiyyətləri, məhsuldarlıq, yaşıl çay yarpaqlarında maddələr mübadiləsi və keyfiyyət göstəriciləri öyrənilmişdir. Kalium probleminə də böyük diqqət ayrılmışdır - Prof. R.Q. Hüseynov 1957-1968-ci illərdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.

1978-1991-ci illərdə laboratoriyaya a.e.d., prof. Fizuli Həmid oğlu Axundov rəhbərlik etmişdir.

O, müxtəlif bitkilər altında qatı və mürəkkəb gübrələrin tətbiqi ilə əlaqədar tədqiqatlar aparmış və bu gübrələrin bitkilərdə maddələr mübadiləsinə təsirini öyrənmişdir.

1992-2015-ci illərdə laboratoriyaya a.e.d., prof. Z.R. Mövsümov rəhbərlik etmişdir.

Z.Mövsümov 1994-2003-cü illərdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini əzifəsində işləmiş, 1997-2001-ci illərdə institutun direktoru vəzifəsini icra etmişdir.

Z.R. Mövsümovun “Əsas qida maddələrinin dövriyyəsi və balansı” problemi üzrə apardığı çox mühüm tədqiqatların nəticələri bir çox elmi işlərdə, o cümlədən “Azərbaycan əkinçiliyində azot problemi” monoqrafiyasında (1978) öz əksini tapmışdır.

Sonrakı dövrlərdə onun nitratların bitkilərdə toplanmasına təbii amillərin, eləcə də insan fəaliyyətinin təsirinin öyrənilməsinə həsr edilmiş tədqiqatlarının nəticələri “Bitki məhsullarında nitratların toplanması (1994) və digər elmi məqalələrdə öz əksini tapmışdır.

Z.R. Mövsümov sonrakı tədqiqatlarında azot probleminin həllinə daha geniş aspektlərdən yanaşaraq əsas qida maddələrinin (azot, fosfor, kalium) balansı əkin dövriyyəsi sistemində öyrənilmişdir. Bu istiqamətdə aparılmış tədqiqatların nəticələri “Növbəli əkin dövriyyəsində qida elementlərinin səmərəliliyinin və balansının elmi əsasları” (2006) monoqrafiyasında verilmişdir.

1996-cı ildə Mikroelementlər və mikrogübrələr laboratoriyası qrup şəklində Mineral gübrələr laboratoriyasına birləşdirilmişdir. 2015-ci ildə yenidən “Mikroelementlər” və “Mineral gübrələr” laboratoriya şəklində ayrılmışdır.

Laboratoriyada 10 əməkdaş çalışır.