Laboratoriya rəhbəri, biologiya elmləri üzrə
fəlsəfə doktoru, dosent Qafarbəyli Könül Əlisafa qızı
Tel: +994503391102
1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində aqroekoloji tədqiqatların aparılması məqsədi ilə “Torpaqların aqroekologiyası və bonitirovkası” laboratoriyasının yaradılması haqqında qərar qəbul edilmişdir.
Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının əvvəlki illərdəki rəhbərləri:
PROFESSOR ŞAHALI GÜLMALI OĞLU HƏSƏNOV- 1958-ci ildə “Ağstafaçay hövzəsinin torpaqları və onların kənd təsərrüfatında istifadə edilməsi” mövzusunda namizədlik dissertasiyası, 1972-ci ildə isə “Cənub-Qərbi Azərbaycan torpaqlarının təbii-genetik xüsusiyyətləri və bonitirovkası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Coğrafiya elmləri doktoru elmi dərəcəsi almışdır. Torpaq coğrafiyasına, torpaqların aqroekologiyasına və bonitirovkasına dair 110 elmi məqalənin müəllifidir.
PROFESSOR NADİR KARRAR OĞLU MİKAYILOV-1972-ci ildə “Qarabağ düzündə yayılmış ağırgilli şoranların yaxşılaşdırılması” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi, 2003-cü ildə isə “Kür-Araz ovalığında yayılmış şoran-şorakət torpaqların əmələgəlmə şəraitinin və meliorasiyasının ekoloji əsasları” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
1984-ci ildən 2018-ci ilə qədər Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasına Akademik Qərib Şamil oğlu Məmmədov rəhbərlik etmişdir.
QƏRIB ŞAMIL OĞLU MƏMMƏDOV- AMEA-nın həqiqi üzvü, biologoya elmləri doktoru, professor. 1978-cu ildə “Mil düzünün qərb hissəsinin otlaq torpaqlarının aqroekoloji xarakteristikası və bonitirovkası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi və 1991-ci ildə isə Dnepropetrovsk Dövlət Universitetində “Azərbaycanın kənd təsərrüfatı və meşə torpaqlarının ekoloji qiymətləndirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək müstəqil Azərbaycan Respublikasında ilk dəfə ekologiya ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Q.Ş.Məmmədov 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik Q.Ş.Məmmədovun bu elm sahəsində 700-dən çox elmi əsəri o cümlədən, Azərbaycanın Milli Atlası, Ekoloji Atlası, Turizm Atlası, Coğrafi Atlası, müxtəlif torpaq xəritələri nəşr edilmişdir. (https://scholar.google.com/citations?hl=ru&user=WBEngaAAAAAJ)
KÖNÜL ƏLİSAFA QIZI QAFARBƏYLİ- biologiya üzrə fəlsəfə doktoru, dosent, 2021-ci ilin dekabr ayından etibarən Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasına müdir təyin edilmişdir.
K.Ə.Qafarbəyli 2011-ci ildə "İlisu Dövlət Təbiət Qoruğu və Qax Dövlət Təbiət Yasaqlığı torpaqlarının ekoloji qiymətləndirilməsi" mövzusunda "Torpaqşünaslıq" va "Ekologiya" ixtisaslan üzrə dissertasiya işini müdafiə edərək, biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2016-cı ildə "Ekologiya" ixtisası üzrə dosent elmi adını almışdır. 70-dən çox elmi əsərin, 1 monoqrafiyanın və 1 kitabın müəllifidir.
Müəllifi olduğu monoqrafiya ingilis dilində Almaniyanin Lambert Academic Publishing kitab evində dərc olunmuşdur. “The ecological evaluation of the soils in the İlisu Nature Reserve”
2017- ci ildən “Azərbaycanın Şəki-Zaqatala kadastr rayonu torpaqlarının ekoloji qiymətləndirilməsi” mövzusunda doktorluq işi üzərində çalışır.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramının, İqtisadi iş adamları üçün sahibkarlığın və məşğulluğun inkişafı layihələrinin Ətraf mühit üzrə yerli məsləhətçisidir.
Azərbaycan Memarlıq və İnşaat Universitetində ST MKS Fakültəsi, Meliorasiya və Su Təsərrüfatı Tikintisi kafedrasında tədrislə məşğuldur. 6 magistrın elmi rəhbəri olmuşdur. Rus və İngilis dillərini bilir.
Laboratoriyanın əsas istiqamətləri.
- Respublikasının bütün ərazisini əhatə edən, məkan məlumatlarından istifadəyə əsaslanan elektron kənd təsərrüfatı və digər dövlət informasiya sistemlərinin tələb etdiyi müxtəlif miqyas spektrini, həmçinin interaktiv yenilənmə rejimini dəstəkləyən elektron xəritə platforması yaradılması;
- Həmin platforma üzərində relyefin plastikası metodundan istifadə etməklə torpaq, aqrokimyəvi, habelə multidissiplinar tədqiqatların aparılması;
-3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikasının işlənməsi;
- Respublika ərazisində torpaqların münbitliyinə və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir edən aqroekoloji amillərin tədqiq edilməsi
-Ərazilərin aqroekoloji rayonlaşdırılmasının aparılması;
-Respublikanın torpaq fondunun tərkibinin və ayrı-ayrı kənd təssərrüfatı yerləri - uqodiyaları (əkin, çoxillik əkmələr, biçənəklər, yay və qış otlaqları) altındakı vəziyyətinin səciyyələndirilməsi;
-Respublikanın yerli xüsusiyyətlərini nəzərə almaqla bitkilərin bioloji tələblərinə uyğun olaraq qiymət meyarlarının və təshih əmsallarının müəyyən edilməsi;
-Respublika torpaqlarının, torpaq kadastrı məqsədləri üçün kənd təsərrüfatı yerlərinin və meşə fondu torpaqlarının bonitirovkasının aparılması, həm respublika miqyasında, həm də regionlar üzrə bonitet şkalalarının tərtib edilməsi
-Kənd təsərrüfatı yerlərinin və meşə fondu torpaqlarının aqroistehsalat və meşəistehsalat qruplaşdırılmasının aparılması və rayonlaşdırılması
-Respublikanın təbii-iqtisadi və inzibati rayonları, landşaft zonaları üzrə torpaq sahələrinin bonitet ballarının və müqayisəli dəyərlilik əmsallarının müəyyən edilməsi;
-Ayrı-ayrı təsərrüfat, inzibati rayon və respublika üzrə torpaq-bonitet xəritələrinin və kartoqramlarının tərtib edilməsi və s.
Laboratoriyanın kadr potensialı 10 nəfər. 1 nəfər-professor. 5 nəfər biologiya üzrə, 1 nəfər aqrar elmləri üzrə fəsəfə doktorudur.
Laboratoriya müdiri, baş elmi işçı-1 nəfər, aparıcı elmi işçi-3 nəfər, böyük elmi işçi-2 nəfər, elmi işçi-2 nəfər və böyük laborant – 1 nəfər.