• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 Noyabr Zəfər günü ilə əlaqədar tədbir keçirilib

  • 2022-11-04

     Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının və Həmkarlar Təşkilatının təşkilatçılığı ilə  8 noyabr – Zəfər Günü münasibəti ilə  tədbir keçirilib. Tədbirdə torpaqlarımız uğrunda  canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qələbəsini tariximizin ən parlaq səhifələrindən biri adlandırıb. Torpağın canlı olduğunu və onun da insan kimi zərbə aldığını, yaralandığını, dağıdıldığını qeyd edən alim şəhidlərimizin, qazilərimizin torpağı düşmən tapdağından  azad etdiyini vurğulayaraq alimlərimizin  bu torpaq üçün  nə etməli olduğu məsələsini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Ə.Quliyev qeyd edib ki, məhz biz torpaqşünas alimlər torpağa vurulan zərbəni aradan qaldırmaq, onu yararlı hala salıb insanların istifadəsinə vermək üçün öz bilik və təcrübələrimizi meydana qoymalıyıq.

  Tədbirdə çıxış edən baş gizir Qorxmaz Məmmədzadə, xüsusi təyinatlar mənsubu, gizir, qazi Nazim Məmmədov, xüsusi təyinatlar mənsubu, gizir, qazi Xəyyam Fərzəliyev, xüsusi təyinatlar mənsubu, müddətdən artıq hərbi qulluqçu, qazi Anar Şəfiyev Vətən müharibəsində keçdikləri döyüş yolundan danışıblar. Qazilərimiz Azərbaycan ordusunun bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyini diqqətə çatdırıblar.

   Tədbirdə  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Tərlan Yelmarlı “Qarabağ Zəfərinin anlam və əhəmiyyəti”, İnstitutun elmi işçisi Aytac Dadaşova “ Zəfər Yolunda”, elmi işçi Türkan Həsənova “Müharibə dövründə könüllülərin fəaliyyəti” mövzularında məruzə ilə çıxış ediblər. Sonda  8 Noyabr – Zəfər Gününə həsr edilmiş video çarx tədbir iştirakçılarına təqdim edilib.