• Cümə axşamı, Dekabr 12, 2024
  • Bakı, 10.0°C

Azərbaycanlı alim Qazaxıstan Respublikasında keçirilən beynəlxalq elmi konfransda iştirak edib

  • 2022-11-21

     Noyabrın 16-17-də Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhərində “Мангистау в потоке истории” adlı  beynəlxalq elmi konfrans keçirilib. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Волго-Каспийский коридор как ответвление великого шелкового пути на две ветви”  mövzusunda məruzə ilə çıxış edib.

      Ə.Quliyev məruzəsində Böyük İpək Yolunun Volqa Xəzər ətrafında bitdiyi yerdən Avropaya getmək üçün iki istiqamətə şaxələnməsindən bəhs etmişdir. Məruzənin əsasını  alimin 2010-cu ildə Cənubi Qazaxıstanın Türküstan şəhəri ətrafında  Sauran, Otrar, Karatube qala şəhərlərində, 2011-2012-ci illərdə Türkmənistanda, 2014-cü ildə isə Özbəkistanın Buxara, Nəvai və Nurata şəhərlərində su sistemləri (kəhriz, ovdan, quyu) üzərində apardığı tədqiqat materialları təşkil edib. Ə.Quliyevin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

   Konfransda Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Rusiya, İtaliyadan  alimlər, arxeoloqlar, yerli tarixçilər, regional idarələrin rəhbərləri, tarixi-mədəni irs abidələrinin mühafizəsi sahəsində mütəxəssislər iştirak edərək  məruzə ilə çıxış ediblər.

    Noyabrın 17-də konfrans iştirakçıları Mangistau vilayətində yerləşən Kuyeutam türbəsi, Çoban Ata xanəgahı və Beket Ata xanəgahını ziyarət edib, oradakı qəbir abidələrinin və türbələrin qorunması, mənəvi irsin yaşadılması ilə tanış olublar. Onlar Mangistau vilayəti tarix-mədəniyyət qoruğu və Mangistau tarix-diyarşünaslıq muzeyinin ekspozisiyası ilə tanış olub.