• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Xəzər Universiteti və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib

  • 2022-12-06

    2022-ci il dekabrın  5-i Xəzər Universitetində Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə “Torpaq elmi: dünəni, bu günü və sabahı” adlı beynəlxalq elmi konfrans keçirilib. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı giriş sözü ilə konfransı açaraq, dünyada torpaqşünaslıq elminin bu gün həyatda mühüm rolundan danışdı, konfrans iştirakçılarını “5 dekabr Dünya Torpaq Günü” münasibətilə təbrik edib. Konfransın plenar iclasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Azərbaycanda torpaq elminin dünəni, bu günü, sabahı” mövzusunda məruzə ilə çıxış etdi. Alim məruzəsində torpaqların bu günkü vəziyyəti, rast gəlinən problemlər və onların aradan qaldırılması yollarından danışdı. Ə.Quliyev çıxışında Azərbaycanda  torpaq və su ehtiyatlarından səmərli istifadə vaxtı yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları haqda geniş məlumat verib.

    Konfransda  AMEA-nın müxbir üzvü Amin İsmayılov “Azərbaycanın Milli torpaq təsnifatı və rəqəmsal torpaq xəritəçiliyinin inkişaf trendi: problemlər və perspektivlər” və a.e.d Mustafa Mustafayevin “Kür-Araz ovalığında suvarılan torpaqların müasir meliorativ vəziyyəti”, a.e.ü.f.d Könül Qafarbəyli “Zaqatala rayonunun ekoloji vəziyyətini tədqiqi və xəritəşdirilməsi” mövzularında məruzələrlə çıxış ediblər. Plenar iclasda həmçinin Xəzər Universitetinin  Coğrafiya və Ətraf Mühit departmentinin rəhbəri, c.ü.f.d Rövşən Abbasov da çıxış edib.

   Beynəlxalq elmi konfransın ilk günü “Torpaqların uzaq məsafədən tədqiqi, genezisi, xəritəşdirilməsi və məhsuldarlığın yüksəldilməsi” və “Torpaqların deqredasiyası, aqrokimyası, biologiyası və ekologiyası” adlı iki seksiyada yerli və xarici alimlərin məruzələri ilə başa çatıb. Daha sonra konfrans öz işini  dekabrın 6-sı Torpaqşünaslıq və Aqrokimya İnstitutunda məruzələrlə davam etdirib.