• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Ulu Öndərin Naxçıvanda keçirdiyi müşavirədə çıxış etməyim nəzərdə tutulmamışdı, amma...

  • 2023-05-12

    Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu yubiley günlərində Ulu Öndərimizlə görüşən, Onun dəyərli tövsiyələrini dinləyən ziyalılar da öz xatirələrini bölüşürlər.

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevə də Ulu Öndərimizlə görüşüb söhbət etmək nəsib olub.

    Alim TNS-ə açıqlamasında bildirib ki, 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevlə görüşdüyü gün həyatının ən xoşbəxt günlərindən biridir və həmin görüşü hər zaman minnətdarlıqla xatırlayır.

  “Naxçıvan Ali Məclisində müşavirə keçirilirdi. Müşavirədə Azərbaycan Respublikasının və muxtar respublikanın müxtəlif dövlət orqanlarının rəhbərləri iştirak edirdi. Tamamilə təsadüf nəticəsində mən də həmin müşavirəyə qatılmışdım. Orada Naxçıvanla bağlı bir çox məsələlər müzakirə olundu. Müşavirə yekunlaşana yaxın Ulu Öndərimiz kimin əlavə sözünün olduğunu soruşdu. Mən əlimi qaldıraraq danışmaq istədiyimi bildirdim. Heydər Əliyev mənə söz verdi. Mən elə oturduğum yerdən ayağa qalxıb Naxçıvan kəhrizlərinin bərpası üçün Ümummilli Liderimizdən xahiş etmək istəyirdim ki, böyük şəxsiyyət məni kürsüyə dəvət etdi. Və orada Naxçıvanın su problemləri, kəhriz sistemləri ilə bağlı Ulu Öndərimizlə maraqlı bir dialoqumuz oldu”, - Əlövsət Quliyev bildirib.

   Alimin sözlərinə görə, Heydər Əliyev onun Naxçıvanın su problemləri ilə bağlı çıxışını diqqətlə dinləyib, qaldırdığı məsələlərə özünəməxsus müdrikliklə münasibət bildirib, həmin problemlərin həlli üçün aidiyyəti orqanların rəhbərlərinə konkret tapşırıqlar verib.

   Əlövsət Quliyev qeyd edib ki, məhz həmin müşavirədə Ulu Öndərimizin qədim abidələrimizdən olan kəhrizlərlə bağlı söylədiyi fikirlərdən sonra bu su sistemimiz yenidən gündəmə gətirilib, belə abidələrimizin bərpası istiqamətində mühüm işlər görülüb.

   “Mən elə bilirdim ki, kəhriz tədqiqatçısı kimi, bu sahənin ölkədə ən yaxşı bilicisiyəm. Həmin vaxt anladım ki, Ulu Öndərimiz kəhriz sistemi ilə bağlı daha dərin bilgilərə sahibdir. Ümummilli Liderimiz bu qədim abidələrin ölkəmizdə su probleminin həllinə verəcəyi töhfəni, onların tarixi abidə kimi əhəmiyyətini çox böyük müdriklik və uzaqgörənliklə təhlil etdi. Beləliklə, məhz Ulu Öndərimizin o müşavirədə verdiyi tapşırıq və tövsiyələr sayəsində bu qədim abidələri sonrakı dövrdə qoruyub saxlamaq mümkün oldu. Ümummilli Liderimizin verdiyi istiqamətdən sonra mən bu sahədə apardığım tədqiqat işlərini daha da genişləndirdim”, - Əlövsət Quliyev əlavə edib.

   Alim bildirib ki, həmin müşavirədə onun çıxışı nəzərdə tutulmamışdı. Ulu Öndərimizin onu kürsüyə dəvət etməsi bütün müşavirə iştirakçıları üçün gözlənilməz olub.