• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Qarabağ kəhrizlərində tədqiqatlar aparılır

  • 2023-05-30

   BMT ekspertlərinin proqnozlarına görə, XXI əsrin sonlarında bəşəriyyət su qıtlığı ilə bağlı ekoloji fəlakətlə qarşılaşacaq. Yer kürəsinin müəyyən regionlarında yaşayan insanlar içməli su və torpaqların deqradasiyası problemlərinin həlli uğrunda mübarizə aparmalı olacaqlar. Bu problemlərin qismən də olsa həlli üçün ölkəmizdə içməli su mənbəyi olan kəhrizlərimiz mühafizə edilməli, torpaqlarımız kimyəvi çirklənmə, təkrar şorlaşma və digər təsirlərdən qorunmalıdır. Ata-babalardan bizə miras qalan, uzun illərdən bəri istismar olunan kəhrizlər gələcək nəsillərə işlək vəziyyətdə təhvil verilməlidir.
   Bunu AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib. O qeyd edib ki, ХХ əsrin əvvəllərinə qədər şəhərlərin və 200-dən çox kənd yaşayış məntəqəsinin su təchizatını yalnız kəhrizlər təmin edib. Azərbaycanın kəhrizlər vasitəsilə hər il orta hesabla 300-350 milyon kubmetr təmiz və keyfiyyətli su əldə etmək imkanı var. Azərbaycanda (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) rəsmi dövlət qeydiyyatında olan 623 kəhrizdən 332-si işğal altında olan ərazilərdə idi. Şükürlər olsun ki, onlar da işğaldan azad olundu. Beləliklə, hər il orta hesabla 300-350 milyon kubmetr təmiz və keyfiyyətli kəhriz suyu əldə etmək imkanımız oldu.
   Professor Ağdam rayonundakı kəhrizlərin il ərzində 64,33 milyon kubmetr, Cəbrayılda 34,68 milyon kubmetr, Füzulidə 19,01 milyon kubmetr suvermə qabiliyyətinə malik olduğunu bildirib. Qeyd edib ki, işğaldan azad olunmuş bu unikal su mənbələrində tədqiqatlara başlanılıb. Bir sözlə, Qarabağ kəhriz mədəniyyəti öyrənilir.
Əlövsət Quliyev xatırladıb ki, 2002-ci ilin avqust ayında Vayxır su anbarının tikintisi ilə əlaqədar Naxçıvan şəhərində keçirilən müşavirədə Ümummilli Lider Heydər Əliyev kəhrizlərin bərpasının, qorunmasının vacibliyini bildirib. Ulu Öndərin tövsiyələrinə uyğun olaraq, 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdində Kəhrizlər İdarəsi yaradıldı və bu günədək 300-dən çox kəhriz bərpa edildi.

 

    İSTİNAD: azertag.az