• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu işğaldan azad olunmuş ərazilərdə torpaq tədqiqatlarına başlayıb

  • 2023-07-11

    İşğaldan azad olunmuş ərazilərimizə “Böyük qayıdışın” təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə bərabər artıq bu istiqamətdə olduqca əhəmiyyətli praktiki fəaliyyətlərə də başlanılıb. Qarabağın işğaldan azad edilmiş torpaqlarının tədqiqi məsələləri aqrar sahəyə aid elmi fəaliyyətlə məşğul olan alimlərin  üzərinə mühüm vəzifələr qoyur. 

      Bu məqsədlə 11 iyul AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim Məmmədov ilə görüşüb. Görüş zamanı Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi fəaliyyəti və  Tərtər rayonu ərazisində xüsusilə rayonunun işğaldan azad olunmuş ərazilərində torpaq tədqiqatları aparmaq məqsədi ilə  qarşılıqlı iş prinsipi  haqqında  müzakirələr aparılıb. Həmçinin  AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Tərtər rayonunun elmi tədqiqat müəssisələri arasında birgə əməkdaşlığın yaradılması, elmi  araşdırmaların təşkili məsələləri müzakirə olunub.

     Daha sonra ərazidə əkinə yararlı torpaqlarda bağaltı, taxılaltı sahələrindən  torpaqların qiymətləndirilməsi məqsədi ilə analiz üçün torpaq nümunələri götürülmüşdür. Tərtər rayonunun işğaldan azad olunmuş  “Çaylı” kəndi  və digər ərazilərdən monitorinq məqsədi ilə torpaq nümunələri götürülmüş və ərazi vizual olaraq tədqiq edilmişdir.