• Çərşənbə axşamı, Oktyabr 15, 2024
  • Bakı, 16.0°C

Professor: Müzəffər Ali Baş Komandan İlham Əliyev 200 illik tarixi gedişi dəyişdirib

  • 2023-10-24

   “Prezident İlham Əliyev yeni tarix yazır. O, Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirir, onun vəsiyyətlərini yerinə yetirir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyev kimi Azərbaycan xalqının inamını özünə qaytarıb, xalqı bir yumruq kimi birləşdirməyə nail olub. Bunun nəticəsində də tarixi torpaqlarımız düşmən tapdağından azad edilib. Prezident İlham Əliyev bu gün müstəqil siyasət yürüdən, dünyada heç bir qüvvənin təsir edə bilmədiyi Azərbaycanı qüdrətli dövlətə çevirib. Müdrik lider İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə Azərbaycan üçün tək döyüşüb, mübarizə aparıb, bütün haqsız təhdid və təzyiqlərə dözüb. Onun yeganə dayaq nöqtəsi xalqıdır. Millətindən güc alan Ali Baş Komandan dünyada heç bir liderin edə bilmədiyini edib, heç kimin göstərə bilmədiyi cəsarət nümayiş etdirib”.

   Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın müxbir üzvü professor Əlövsət Quliyev deyib.

   Alim bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 200 illik tarixi gedişi dəyişdirib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam təmin edib, xalqımızın ən böyük arzusunu reallaşdıraraq Xankəndidə Azərbaycan bayrağını ucaldıb.

  “Xankəndi erməniləşdirilmiş Azərbaycan torpağı idi. Düz 100 ildir ki, bu şəhəri əlimizdən almışdılar. Hələ sovet dövründə Xankəndi kağız üzərində bizdə olsa da, reallıqda Ermənistandan gələn göstərişlərlə “oturub-dururdu”. Son 30 ildə isə hansı hadisələrin baş verdiyi hamımıza məlumdur. Bircə faktı qeyd edim. 1967-ci ildə Xankəndidə iki azərbaycanlı hamının gözünün qarşısında yandırılanda əl-qolumuz bağlı qalmışdı, Moskva imkan verməmişdi ki, biz o günahsız azərbaycanlıların qisasını alaq. Bölgədə yaşayan ermənilər havadarlarının planlarına uyğun olaraq milli ədavəti qızışdırır, planlarının həyata keçməsi üçün ən çirkin əməllərə belə əl atırdılar. Çünki Xankəndi de-yure Azərbaycanın tərkibində olan inzibati vahid olsa da, ora digər bölgələrimiz kimi nəzarət etmək imkanımız az idi. 1967-ci ildə törədilən hadisə isə azərbaycanlılara olan nifrətin və Bakını saymamağın açıq şəkildə təzahürü idi. Doğrudur, o zaman Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışan Heydər Əliyev Xankəndiyə getmiş, qətiyyət göstərərək cinayətkarların tapılaraq cəzalandırılmasını təmin etmişdi. Amma Moskva onların layiqincə cəzalandırılmasına imkan verməmişdi. Sonrakı dövrdə Xankəndi şeytan yuvasına, erməni separatçılarının mərkəzinə çevrildi. Xankəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının milli qürur məsələsi idi. Əminəm ki, xalqımızın hər bir fərdinin ən böyük arzusu Xankəndidə Azərbaycan bayrağının qaldırılması idi. Bu şəhər son yüz ildə olmadığı qədər azaddır, heç vaxt olmadığı qədər bizimdir. Müzəffər Ali Baş Komandan və qüdrətli Ordumuz Xankəndini azad etməklə bölgədə separatizmin də kökünü kəsib”, - deyə Əlövsət Quliyev bildirib.

   Alim deyib ki, bu gün təsəvvür belə etmədiyimiz tarixi günləri yaşayırıq: “2021-ci ilin iyun ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfəri zamanı dövlətimizin başçısına Xankəndini göstərərək deyəndə ki, otel oradadırmı?

  O vaxt dövlətimizin başçısı gülərək: “O da olacaq!”– cavabını vermişdi. O zaman çoxumuz bilirdik ki, Şuşanı işğaldan azad edən sərkərdə Xankəndini də düşməndən təmizləyəcək. Amma etiraf edək ki, bu qədər ildırım sürəti ilə olacağını təsəvvür etməmişdik. Bu, elə bir tarixi Zəfərdir ki, onu tam mənası ilə ifadə etməyə sözün gücü çatmır”.

  Əlövsət Quliyev bildirib ki, Prezident İlham Əliyev liderliyinin ən başlıca xüsusiyyəti onun sözünün ağası olmasıdır. Dövlətimizin başçısının hər bir fikri reallıqla fiksasiya əhəmiyyətinə malikdir. Yəni o, nəyi dilə gətirirsə, nəyi deyirsə, onu mütləq həyata keçirir. Məhz planlılıq, strateji yanaşma İlham Əliyevin mahir siyasətçi obrazını tamamlayır.

  “Müzəffər Ali Baş Komandan öz çıxışlarında dəfələrlə deyib ki, biz tarixi torpaqlarımıza, Qərbi Azərbaycana da qayıdacağıq. Dövlətimizin başçısının apardığı müdrik siyasət, onun qətiyyətli və cəsarətli qərarları bizdə dədə-baba torpaqlarımıza qayıdacağımıza inam yaradıb. Müdrik lider, qalib sərkərdə İlham Əliyev bizi hər gün o tarixi günə də yaxınlaşdırır”, - deyə alim əlavə edib.

   

   İSTİNAD: azertag.az