• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edib

  • 2023-11-24

     Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib. 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin keçirilməsinə başlanılıb, bu məqsədlə konsepsiya qəbul olunub. “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də cənab Prezidentin bu istiqamətdə müəyyənləşdirdiyi tapşırıqların icrası, xüsusilə də Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

   Tədbirdə iştirak edən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor  Əlövsət Quliyev “Qərbi Azərbaycan və Naxçıvan:deportasiyadan qayıdışa” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Naxçıvanın işğalının hər zaman ermənilərin məkrli planlarından biri olduğunu, ancaq Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli qərarları sayəsində mənfur düşmənin  bu istəklərinə nail ola bilmədiklərini qeyd edib. Professor Əlövsət Quliyev çıxışında bildirib ki, Ermənilər Naxçıvanın iqtisadiyyatına zərbə vurmaq üçün Şərur rayonunun məhsuldar torpaqlarının suvarılmasında  yeganə su mənbəyi olan  Arpaçayın Göyçə gölünə axıdılması adı altında məkrli layihəni həyata keçirməyə çalışırdılar.Bu məqsədlə Arpa-Göyçə tunelini inşa edən zaman  mürəkkəb geoloji quruluşa malik Kiçik Qafqaz dağları altında gedən orogenez (dağ əmələ gəlmə) prosesi  nəzərə almadığı üçün Arpaçaydan Göyçə gölünə axan sular bir neçə ilə göldə balıqların kütləvi qırılmasına səbəb oldu. Alim həmçinin bildirib ki, həmin dövrdə Qarakilsə rayonu ərazisindən axan Bazarçay suyunun Sağ Sahil kanalını çəkmək və  təxminən 11 km uzunluğunda tunel qazmaqla  Naxçıvançay axınına qoşmaq, 16 min ha  torpağı suvarma suyu ilə təmin etmək məqsədi ilə layihə işlənərək qərar qəbul edilmiş, lakin  bu layihə 1933-cü ilə qədər həyata keçirilməmişdir. Alimin çıxışı böyük tədbir iştiakçıları tərəfindən maraqla qarşılanmışdır.

     Qeyd edək ki, tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, Azərbaycan  və Türkiyə Respublikasının nüfuzlu ali məktəblərinin rektorları, görkəmli tədqiqatçılar iştirak ediblər.