• Çərşənbə axşamı, Oktyabr 15, 2024
  • Bakı, 16.0°C

Azərbaycan və Özbəkistan alimlərinin əməkdaşlığı məsələləri müzakirə edilib

  • 2024-06-03

   Azərbaycan Elm və Təhsil Nazirliyi  Torpaqşünaslıq  və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev   Özbəkistana işgüzar səfəri çərçivəsində bu ölkənin Su Təsərrüfatı  Nazirliyinin İrriqasiya və Su problemləri Elmi tədqiqat İnstitutunda olub. 

   İnstitutun direktoru, professor Əbdulvahid Urazgəldiyev qonağı institutun elmi heyəti ilə tanış edib.Ə.Quliyev mövcud elmi tədqiqat laboratoriyalarında elmi işçilərlə işgüzar görüş keçirib, elmi heyət  qarşısında torpaq və su ehtiyyatlarından səmərəli istifadə, keçmişdə buraxılan səhvlər, onlarla əlaqəli ekoloji aləmdə baş verən proseslər, torpaqşünaslığın müasir problemləri, deqradasiyaya qarşı tədbirlər və s. barədə söhbət aparıb. O, rəhbəri olduğu Torpaqşünaslıq  və Aqrokimya İnstitutu əməkdaşları ilə İrriqasiya və Su probleməri Elmi tədqiqat İnstitutunun keçmiş əlaqələrindən, birgə apardıqları elmi tədqiqat işlərindən, keçirilən konfranslardakı elmi mübahisələrdən danışıb, suallara cavab verib. 

   Sonra hər iki dövlət ərazilərində iqlim dəyişmələri ilə əlaqədar hazırda baş verən və ya gözlənilən  məsələlərə dair diskussiya olub. Əsasən Aral gölü ətrafında vəziyyət, Azərbaycanda drenaj sularının suvarma suyu tələbinə uyğun normaya yaxın olması, suların birbaşa Xəzər dənizinə tökülməsindən bəhs olunub.

   Müzakirədə hər iki ölkədə mövcud subartezian, artezian quyularının, kəhrizlərin və bulaqların fəaliyyəti nəzərə alınmaqla monitorinqlərin aparılmasına ehtiyac olduğu təklifi irəli sürülüb, yeraltı suların ehtiyatı və rejiminin qiymətləndirməsinə daha böyük ehtiyac olduğu qeyd edilib.

   Müzakirədə Ə. Quliyev Azərbaycanda alternativ su mənbələrindən istifadə təcrübəsindən də danışıb. İşğaldan azad olunan Şərqi Zəngəzur iqtisadi rayonu üzrə Cəbrayıl rayonunda kəhrizlərdən il ərzində 34 mln. m3, Qarabağ iqtisad rayonu üzrə Füzulidə 20 mln. m3, Ağdamda 68 mln. m3 su əldə olunub. Bildirilib ki, bu məqsədlə böyük əhəmiyyət kəsb edən kəhrizlərin qiymətləndirilməsi və bərpasına başlanıb. 

   Görüşün sonunda Azərbaycanın Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Özbəkistanın İrriqasiya və Su probleməri Elmi tədqiqat İnstitutu arasında əməkdaşlığa dair memarandum imzalanıb.

 

    İSTİNAD: xalqqazeti.az