• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Şuşa şəhərinin içməli su təchizatına həsr olunmuş dövlət komissiyasının tərkibində Şuşa şəhərində tədbirdə iştirak edib

  • 2022-02-09

   Yanvarın 9-u Azərsu ASC-nin tərkibində “Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin dayanıqlı içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın və ilkin layihə sənədlərinin hazırlanması” məqsədi ilə yaradılmış dövlət komissiyasının Şuşa şəhərində ilkin müzakirəsi keçirilmişdir. Tədbirdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev də iştirak edib.

   Müzakirə iclasını Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərsu ASC-nin sədr müavini Etibar Məmmədov aparıblar. Xüsusi nümayəndə Aydın Kərimov Şuşa şəhəri və onun bərpası ilə əlaqədar ölkə prezidentinin tapşırıqlarının necə yerinə yetirilməsi və hazırda görülən işlər barədə qonaqlara məlumat verib.

   İclasda Şuşa şəhərinin qədim su təchizatı sistemi, onun ermənilər tərəfindən dağıdılması, bərpadan sonra Şuşa şəhərində daima etibarlı və keyfiyyətli suyun təmin olunması, su ehtiyatlarının qiymətləndirilməsi, su təchizatı sistemlərində innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələlələri müzakirə edilmişdir.

   Tədbirdə işçi qrupuna daxil olan müxtəlif dövlət təşkilatlarının mütəxəssisləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsinin və s. məsul işçiləri iştirak ediblər.

   Tədbirin yekununda mövcud su sistemi xətlərinə, dağıdılmış su hovuzlarına baxış keçirilmişdir. Xüsusi axtarış layihə tədqiqat qrupunun köməyi ilə fundamental axtarış işlərinin yerinə yetirilməsi və Şuşa şəhəri üçün daha münasib su mənbələri, ətraf çaylardan istifadə imkanlarının yaradılması qarşıya vəzifə olaraq qoyulmuşdur. Şuşada su təchizatının bərpası üçün hər bir təşkilatın vəzifələri müəyyən edilmişdir. Səfər zamanı nümayəndələr yol boyu işğaldan azad olunmuş ərazilərdə çox möhtəşəm quruculuq işlərinin şahidi olublar.

   Bəli Qarabağ Azərbaycandır!