• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Laboratoriyanın rəhbəri a.e.ü.f.d,

Nadirov Nadir Hüseynbala oğlu

Mob: 050/070-313-05-20

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2016-cı il tarixlə 277 nömrəli “Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında” Qərarı ilə Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilərək onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılmış və İnstitutun strukturunda “Suvarmanın müasir problemləri” laboratoriyasının fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Laboratoriya 2017-ci ilin yanvar ayından fəaliyyətə başlanmışdır.

2. Laboratoriyanın əsas elmi istiqamətləri aşağıdakılardır:

- müxtəlif torpaq-iqlim şəraitində becərilən kənd təsərrüfatı bitkilərinin su tələbatının, suvarma normasının, suvarma rejimlərinin və texnologiyasının öyrənilməsi;

- bitkinin su və qida rejimlərinin kompleks tənzimlənməsi, müxtəlif su və qida rejimləri fonunda bitkinin məhsuldarlığının, məhsulun keyfiyyət göstərici-lərinin öyrənilməsi;

- müxtəlif minerallığa malik sularla suvarmanın aparılması, minerallaşmış suların bitkinin məhsuldarlığına və torpağın meliorativ vəziyyətinə təsirinin öyrənilməsi;

- örtülü və açıq qruntlarda müxtəlif suvarma üsullarının, texnikasının və texnologiyasının tədqiqi.

3. Fəaliyyət göstərdiyi bir il ərzində laboratoriyada aşağıdakı istiqamətdə elmi-tədqiqat işləri aparılmışdır:

- Abşeronun boz-qonur torpaqlarında pomidorun su və qida rejiminin kompleks nizamlanması;

-Gəncə-Qazax massivində kəhrizlərin yerlərinin, onların müasir şəraitdə istismara yararlılıq vəziyyətinin, debitinin müəyyənləşdirilməsi və kəhriz sularının suvarma əkinçiliyində istifadə yollarının öyrənilməsi;

- Böyük mailliyə malik dağətəyi ərazilərdə (Şamaxı rayon dayaq məntəqəsi timsalında) çoxillik əkmələrin (alma bağlarının) suvarılmasında damcılarla suvarma üsulunun sınaqdan keçirilməsi;

- Pambıqçılığın inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Neftçala rayonunun fermerlərinə pambığın becərilməsi barədə elmi-metodik kömək göstərilməsi, torpaqların suvarma və qrunt sularının analizinin aparılması, yüksək məhsul alınması üçün tövsiyələrin işlənib hazırlanması və təsərrüfatlarda tətbiq edilməsi.

4. Hal-hazırda laboratoriyada 10 elmi əməkdaş, o cümlədən 3 fəlsəfə doktoru, 4 elmi işçi və 3 laborant çalışır.